Blog Details: Left

"Respublika Uşaq Stomatoloji Mərkəzinə edilən müraciətlər daha çox süd dişlərinin çəkilməsi və ya kariyesdən təmizlənmə ilə bağlı olur".

Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Azər Əliyevin sözlərinə görə, 2016-cı il iyulun 1-dən bu günə kimi Respublika Uşaq Stomatoloji Mərkəzinə 32108 müraciət daxil olub. Bu müraciətlərə uyğun olaraq, 13251 uşaq müalicəyə qəbul edilib.

Baş həkim bildirib ki, uşaqlarda daha çox kariyes boşluğu, selikli qişalarda müəyyən stomatitlər aşkarlanır.

A.Əliyev məktəblərdə şagirdlər arasında profilaktik tədbirlərin aparılmasının vacibliyini bildirərək qeyd edib ki, uşaqlar dişlərini gün ərzində iki dəfə, xüsusilə axşam yumalıdırlar və bu onlara başa salınmalıdır:

"Çünki gecə ağız boşluğunda infeksiyaların inkişafı üçün daha əlverişli şərait yaranır. Süd dişi vaxtında çıxarılmadıqda dişin toxuması bərkidiyi üçün onun yerində çıxan yeni diş əyri çıxır. Uşaqların körpə vaxtından həkimə etibarı olmalı, ondan qorxmamalıdır. Bunun üçün isə uşaq həkimə profilaktik məqsədlə tez-tez gətirilməlidir".