Blog Details: Left

Son iki ildir mən heç normal akril yada büqel protez düzəltmirəm. Bunun səbəbi isə keyfiyyət və rahatlıq nöqteyi-nəzərdən bunlardan çox daha yaxşı olan yumşaq neylon və ya termoplastik protezlərin olmasıdır. Köhnə növ diş protezlərin əksər mənfi cəhətlərini bərtərəf edən bu protezlərə tələb getdikcə artır və bununla əlaqədar verilən suallara cavab vermək ehtiyacı yaranıb.

Əvvəlcə qısa bir məlumat: ilk dəfə 1935 ildə kəşf edilən poliamid-66 (poligeksametilenadipinamid) maddəsi ancaq 1996-cı ildən sonra stomatologiyada istifadə olunmağa başladı. Uzun müddət tibdə istifadə olan neylon, öz üstün xüsusiyyətləri, bioloji neytrallığı, sabitliyi, möhkəmliyi və etibarlığı ilə böyük rəğbət qazandı. Həddə süni ürək qapaqları məs bu materialdan hazırlanırdı.

XX-ci əsrin 30-cu illərindən diş protezlərinin hazırlanmasında istifadə olunan akril (Polymethyl methacrylate və ya PMMA) maddəsinin bəzi mənfi xüsusiyyətləri, pasiyentlərin narazılığına səbəb olur.
Akril və ya büqel protezlərinə nəzərən, yumşaq neylon protezlərin əsas üstünlükləri bunlardır:

  1. Bioloji uyğunluq — neylon maddəsi tamamən neytral olduğu üçün allergiya və şiddətli mədə-bağırsaq problemləri olan hallarda rahatlıqla istifadə oluna bilər.
  2. Estetikdir — protezin ağızda tutulması üçün heç bir metal qırmaq (klamer) və ya kilidə (ataçment) ehtiyac yoxdur, beləcə protezin estetik görünüşü təmin olunur.
  3. Möhkəmlik — akril, həddə metal əsaslı büqel protezlərdən fərqli olaraq neylon protezlərin qırılması mümkün deyil. Nümunə olaraq bizdə olan neylon protezi 7-ci mərtəbədən asfalt zəminə atdığımızda belə protez qırılmadı.
  4. Elastiklik — əksər hallarda dəstək dişlər öz yerlərində düzgün yerləşmirlər və sərt akril protezin taxılıb-çıxarılması çox böyük problemə çevrilir. Amma neylon protezlərin önəmli dərəcədə əyilə bilməsi və ən əsası da yenidən ilkin formasını ala bilməsi xüsusiyyəti onların ən böyük üstün cəhətlərindəndir.
  5. Dəstək dişlərə zərər verilmir:
    • dəstək dişlərə qapaq (koronka) qoyulmasına ehtiyac yoxdur, beləcə dişlər maksimal qorunur.
    • standart protezlərin metal klamerləri diş minasına sürtünmə nəticəsində dişlər xarab olurlar, amma neylonun yumşaq olması səbəbi ilə bu növ protezlərin istifadə olunması halında dişlərə heç bir zərər verilmir.
    • dəstək yumşaq protezlərin xüsusi forması və daha az mexaniki yüklənmə olması səbəbi ilə, dişlərdə parodontoz halında istifadə olunması daha məqsədə uyğundur.
  6. Neylon protezlər da yüngül və incədirlər — pasiyentin protezə öyrəşməsi daha tez və zəhmətsiz olur, istifadəsi isə daha rahatdır.
  7. Dişlərin, protezin və ümumiyyətlə ağızın gigiyenasını təmin etmək daha asandır.

Hal-hazırda istifadə olunan yumşaq protez növləri (Valplast, Flexident, Versacryl, Flexicryl, Versasoft, Pro-flex, Flex-Star V, Ultraflex, Sunflex) yüksək keyfiyyət, rahatlıq və yaxşı estetik xüsusiyyətləri ilə ənənəvi akril diş protezlərinin yeri alıb.